İspaniya hesab edir ki, yəhudi dövləti tərəfindən insan haqları pozuntuları aşkar edilərsə, Avropa Komissiyası (AK) Aİ ilə İsrail arasında assosiasiya sazişini dayandırmalıdır. Bunu krallığın baş naziri Pedro Sançes deyib.
“Düşünürəm ki, AK, bütün avropalıların hökuməti, iki Avropa ölkəsi, İspaniya və İrlandiyanın doqquz ay əvvəl etdiyi rəsmi müraciətə cavab verməli və İsrail hökuməti ilə assosiasiya sazişi insan haqlarının pozulduğu aşkar edilərsə, hamının güman etdiyi kimi dayandırmalıdır”, – baş nazir qeyd edib. O, həmçinin beynəlxalq ictimaiyyəti İsrailə silah tədarükünü dayandırmağa çağırıb.
Sançes hesab edir ki, ” məqsədi – güc yolu ilə yeni regional nizamı tətbiq etmək” olan İsrailin baş naziri Binyamin Netanyahuya qarşı “beynəlxalq ictimaiyyətin oyanması və qətiyyətlə hərəkətə keçməsinin vaxtı çatıb”. “Və güclə tətbiq edilən yeni regional nizam yalnız Yaxın Şərqə daha çox nizamsızlıq və dağıntılar və nəticədə daha da böyük qeyri-sabitlik gətirəcək”, – Sançes yekunlaşdırıb. (Tass)