İspaniyanın paytaxtı Madriddə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə” mövzusunda Avropa Forumu keçirilib.
Azərbaycanın İspaniya Krallığında və Andorra Knyazlığındakı səfirliyindən və Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti və Azərbaycan-Türkiyə Evinin təşəbbüsü, eləcə də səfirliyin birgə təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, habelə Diasporla İş üzrə Dövlət Komitəsi və Qərbi Azərbaycan İcmasının tərəfdaşlığı ilə təşkil olunub.Forumda İspaniyada akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, səfirlər, eləcə də bir çox beyin mərkəzləri və akademik dairələrin nümayəndələri, gənc tədqiqatçılar və tələbələr, qaçqınlar və miqrasiya məsələləri üzrə ixtisaslaşmış institut və fondların təmsilçiləri, o cümlədən mötəbər media nümayəndələri, habelə yerli ictimaiyyətin və Azərbaycan icmasının üzvləri iştirak ediblər.Hibrid formatda təşkil olunmuş forumun əvvəlində dünyanın müxtəlif yerlərində baş vermiş münaqişələr səbəbindən öz evlərindən qaçqın düşmüş və məcburi deportasiyaya məruz qalmış insanların keşməkeşli həyat mübarizəsi xatırlanıb, bu zaman həlak olmuş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyətinin və Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı çıxışında forumun keçirilməsinin məqsəd və məramlarını açıqlayaraq, qaçqın və məcburi köçkünlər arasında qadın və uşaqların sayının daha çox olduğunu bildirib, onların cəmiyyətdə daha çox köməyə ehtiyac duyan təbəqə olduğunu diqqətə çatdırıb.Ölkəmizin İspaniyadakı səfiri Ramiz Həsənov çıxışında qaçqınlar mövzusunu müasir tarixin mühüm və aktual mövzularından biri kimi xarakterizə edərək, bu problemin onilliklər boyu BMT-nin və digər beynəlxalq təşkilatların ən yüksək tribunalarından səsləndiyini qeyd edib. Onun sözlərinə görə, qaçqın probleminin mürəkkəbliyi və əhəmiyyəti onun insanların həyatına və taleyinə dərin təsirindən irəli gəlir. Bu sahədə qəbul edilən hər bir qərar fərdi hekayələri birbaşa dəyişdirərək, onu diqqətlə nəzərdən keçirmə və empatiya tələb edən çox həssas və mühüm məsələyə çevirir.Sonra diplomat Azərbaycanın müstəqilliyini bərpa etdikdən dərhal sonra öz dədə-baba torpaqlarını tərk etmək məcburiyyətində qalan bir milyona yaxın soydaşımızın ağır yükünü öz üzərinə götürmüş gənc dövlətimizin qarşısında duran ən mühüm vəzifələrdən, habelə ağır sosial-iqtisadi vəziyyətə baxmayaraq, Azərbaycanın təkbaşına, öz resursları hesabına bu insanlara sistemli, ünvanlı dövlət yardımı etməsindən söz açıb.Ramiz Həsənov, həmçinin Azərbaycanın Qarabağ bölgəsindəki cari vəziyyət, regiondakı erməni sakinlərinin reinteqrasiyası, həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri barədə iştirakçılara məlumat verib.Milli Məclisin deputatı Sabir Rüstəmxanlı çıxışında Ermənistan və onun havadarlarının Azərbaycana qarşı apardıqları qarayaxma kampaniyasının əsassız iddialar üzərində qurulduğunu vurğulayıb, siyasi məqsədlər üçün uydurulmuş erməni yalanlarının ifşa edilməsi istiqamətində qətiyyətli olmağın vacibliyini diqqətə çatdırıb.Avropa Parlamentinin üzvü, 2014-2019-cu illərdə Avropa Parlamentinin vitse-prezidenti olmuş Riçard Çarnetski qaçqın və məcburi köçkünlərlə bağlı Avropa təcrübələrindən danışaraq, sistemin işləmə mexanizmi barədə məlumat verib.“Azərbaycanlılar və ermənilər Cənubi Qafqaza xas olan multikultural mühitdə birgə yaşamalıdırlar”, – deyən Riçard Çarnetski vaxtilə Ermənistandan qovulmuş etnik azərbaycanlıların bu gün öz evlərinə qayıtmaq hüququnun olduğunu bildirib, Azərbaycanla Ermənistan arasında qaçqın probleminin sülh yolu ilə həlli istiqamətində ümumi əsasların tapmasının əhəmiyyətini qeyd edib.Tanınmış fotoqraf və memar, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük əməyi olan Reza Deqati vizual təqdimatla çıxış edərək, azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyat hekayələrini bölüşüb. R.Deqatinin çəkdiyi fotoşəkillərdən ibarət təqdimat forumun xarici iştirakçıları tərəfindən böyük maraqla izlənilibTədbirin əsas çıxışlarından sonra panel müzakirələri təşkil edilib.“Qaçqınlar probleminə Avropa yanaşması: Çağırışlar və beynəlxalq əməkdaşlıqlar yolu ilə mümkün həll yolları”na həsr olunmuş ilk paneldəki çıxışlar əsasında Avropa İttifaqının məcburi köçürmə və deportasiya ilə bağlı siyasəti, qaçqınların üzləşdiyi problemlər, qaçqınların mühafizəsi və onların reinteqrasiyası üzrə mövcud strategiyalar, qaçqın qadınların qarşılaşdıqları problemlərin həllinə yönəlik müasir yanaşmalar, qaçqın, məcburi köçkün və miqrasiya problemində Avropa İttifaqının tərəfdaş ölkələri ilə praktiki əməkdaşlıq kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Türkiyənin “Ülke TV” yayım şirkətinin baş redaktoru Həsən Öztürkün moderatorluğu ilə baş tutan “Məcburi deportasiya və qaçqınlar mövzusunda Azərbaycan təcrübəsi: Qərbi Azərbaycana qayıdış” adlı ikinci paneldə qaçqınlar probleminin hüquqi çərçivələri və beynəlxalq ictimaiyyətin öhdəlikləri, məcburi deportasiya edilmiş azərbaycanlı qaçqınların cari vəziyyəti, qaçqınlıq və məcburi köçkünlük dövrünün fərdlərə və icmalara təsiri və bu xüsusda, qaçqın səslərinin dünyaya eşitdirilməsi və onların hisslərinə şərik çıxmaq səylərinin gücləndirilməsi, eləcə də azərbaycanlı qaçqınların öz dədə-baba yurdlarına qayıdışı, onların hüquqlarının müdafiəsinə yönəlik mövcud mexanizm və strategiyalar barədə müzakirələr təşkil olunub.Forumun sonunda azərbaycanlı qaçqınlar adından beynəlxalq ictimaiyyətə çağırış edilib.Tədbir zamanı, həmçinin Ermənistandan qovulmuş soydaşlarımızın tarixi-mədəni izlərini sübut edən fotosərgi nümayiş olunub.Sonda forum iştirakçılarına Azərbaycan və İspaniya milli mətbəxlərinin ən ləziz təamları təqdim edilib.