Venesuela prezidenti Nikolas Maduro Rusiya lideri Vladimir Putindən oktyabrda Kazanda keçiriləcək BRİKS sammitinə dəvət alıb, onun səfəri üzərində iş gedir. Bu barədə jurnalistlərə respublikanın Rusiya Federasiyasındakı səfiri Xesus Rafael Salazar Velaskes məlumat verib.
“Biz prezident Vladimir Putin tərəfindən Karakasda imzalanmış dəvət aldıq, bu, indi prezident Maduronun bu sammitdə iştirak edib-etməyəcəyi ilə bağlı müzakirələrin bir hissəsidir”.
Bundan əvvəl Maduro bildirib ki, ölkəsi BRİKS çərçivəsində layihələrdə, o cümlədən SWIFT ödəniş sisteminə alternativin yaradılmasında iştirak etməkdə maraqlıdır.
İyulun əvvəlində respublikanın icraçı vitse-prezidenti Delsi Rodriges Venesuelanın BRİKS-ə qoşulmaq ərəfəsində olduğunu və bu bloku öz enerji və mineral ehtiyatları ilə təmin etməyə hazır olduğunu bildirib. (Tass)