Fransa prezidenti Emmanuel Makron Ukraynaya dəstək mövzusunda Parisdə Avropa İttifaqı liderləri ilə görüşdən əvvəl ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb. Bu barədə Agence France-Presse (AFP) Yelisey sarayındakı mənbəyə istinadən məlumat yayıb.
Fransa və ABŞ liderləri arasında söhbətin təfərrüatları açıqlanmayıb.
Bazar ertəsi Böyük Britaniya, Almaniya, Danimarka, İspaniya, İtaliya, Hollandiya, Polşa hökumət başçıları, həmçinin Avropa Şurası və Avropa Komissiyasının prezidentləri Antonio Kosta və Ursula fon der Leyen və NATO-nun baş katibi Mark Rutte Ukraynaya dəstək üçün gələcək addımları müzakirə etmək üçün Makronun dəvəti ilə Parisə gəliblər.
Yelisey sarayının nümayəndələrinin fikrincə, iclasda xüsusilə “Ukraynaya verilə biləcək təhlükəsizlik təminatları” nəzərdən keçirilməlidir. Fransanın xarici işlər naziri Jan-Noel Barrot bir müddət əvvəl bildirmişdi ki, Qərbi Avropa ölkələri arasında “Ukraynada gələcək atəşkəs və davamlı sülhə zəmanət vermək” üçün Fransa, Britaniya və Polşadan kontingentlərin yerləşdirilməsi ilə bağlı “müzakirələr gedir”. (Tass)