Avropa İttifaqının martın 6-da keçiriləcək sammitində Ukraynaya yüz milyardlarla avronun maliyyələşdirilməsini təsdiq edəcəyi ehtimal edilir. Bunu Fransa Prezidenti Emmanuel Makron “La Tribune” qəzetinə müsahibəsində deyib.
“Bu görüşün məqsədi Ukraynaya dəstəyi gücləndirmək və Avropa Komissiyasına mümkün qədər tez genişmiqyaslı birgə maliyyələşdirməyə başlamaq üçün mandat verməkdir, çünki bizim təhlükəsizliyimiz təhlükə altındadır”, – deyə Fransa lideri bildirib: “6 martda keçiriləcək sammit çox vacibdir. Bu irimiqyaslı maliyyə, yəqin ki, yüz milyardlarla avro təşkil edəcək”.
Qəzetin yazdığı kimi, Fransa prezidenti əmindir ki, Ukraynanı maliyyələşdirmək və Avropa təhlükəsizlik arxitekturasını qurmaq illər çəkəcək. “Ona görə də biz qısa müddətdə ABŞ-ın dəstəyini saxlamaq üçün hər şeyi etməliyik”, – Makron bildirib.
ABŞ prezidenti Donald Tramp və Vladimir Zelenski arasında yaranan mübahisəni şərh edən Makron deyib ki, “qıcıqlanmaya baxmayaraq, hamı sakitliyə qayıtmalıdır”.(Tass)