Fransa prezidenti Emmanuel Makron Birləşmiş Ərəb Əmirliklərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP28) Tərəflərin 28-ci Konfransı çərçivəsində İsrail-Fələstin münaqişəsinin həlli və girovların azad edilməsi məsələsini müzakirə etmək üçün Yaxın Şərq liderləri ilə görüşməyi planlaşdırır. Bu barədə AFP Yelisey sarayına istinadən məlumat yayıb.
Fransa liderinin səfər proqramı hələ dərc olunmayıb, lakin onun həmsöhbətləri arasında Misir prezidenti Əbdülfəttah əs-Sisi, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud və İsrail prezidenti İsaak Hersoqun olacağı məlum olub. Həmçinin konfransdan sonra o, Qətərə getməyi və orada bu ölkənin əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə danışıqlar aparmağı planlaşdırır.
Makrona yaxın olanlar onun səfərinin “əhəmiyyətli diplomatik komponent” olacağını iddia edirlər. O, HƏMAS-ın bütün girovlarının azad edilməsi məsələsini yenidən gündəmə gətirməyi planlaşdırır, onların arasında hələ də beş Fransa vətəndaşı var. O, həmsöhbətlərini inandırmağa ümid edir ki, “İki dövlət – İsrail və Fələstin dövlətləri yaratmaq üçün həll yolu əsasında nizamlanmanın bərpası üçün indi işləmək lazımdır”.(Tass)