Fransa prezidenti Emmanuel Makron Milli Assambleyada (parlamentin aşağı palatası) nisbi çoxluğu itirmiş “Avropa üçün birlikdə” prezident blokunun partiyalarının liderləri ilə görüşündə sağ və solçuların nümayəndələrini birləşməyə çağırıb. Bu barədə Agence France-Presse prezidentin ətrafına istinadən məlumat yayıb.
“Siz ümumi maraqlardan kənara çıxa bilməzsiniz, bu, eqo və ya mövqe məsələsi deyil, siz ölkəyə faydalı olmalı, qərar və hərəkətlərdən ibarət respublika koalisiyasını yaratmalısınız”, – deyə agentlik prezidentin iclasda söylədiyi sözlərdən sitat gətirir.
Əsas müzakirə mövzularından biri prezidentin İntibah Partiyasının nümayəndəsi Yael Bron-Pivenin yerinə Milli Assambleyaya yeni sədr seçilməsi olub. İclas iştirakçılarının çoxu bu vəzifəni sol müxalifətin, xüsusən də son seçkilərdə ümumi səs çoxluğunu qazanmış solçu partiyaların koalisiyasının təklif etdiyi Yeni Xalq Cəbhəsinin nümayəndəsinin tuta biləcəyindən narahat olduqlarını bildiriblər. Makronun ətrafındakılar bu vəzifəyə, ola bilsin, sağçı “Respublikaçılar” və ya sağ mərkəzçilərdən “birləşdirici fiqur” təyin edilməsinə nail olmaq istəyirlər. (Tass)