Azərbaycan tarixinin ən böyük faciələrindən olan 1918-ci ilin mart soyqırımı insanlığa qarşı və bəşəriyyət əleyhinə törədilmiş cinayətdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Ağdam rayonunda “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü”nə həsr edilmiş anım tədbirində səsləndiirlib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, idarə və müəssisələrin rəhbər və əməkdaşları, şəhid ailələri və qazilər iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Quzanlı qəsəbəsinin mərkəzi meydanında ucaldılmış abidəsi, və Şəhidlər Abidə Kompleksi ziyarət edilib. Heydər Əliyev Mərkəzində davam edən tədbir soyqırımı qurbanlarının, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər XX əsrin əvvəllərində cərəyan edən ictimai-siyasi proseslərdən, 1918-ci ilin mart ayında yaranmış mürəkkəb şəraitdə Azərbaycanın müxtəlif yerlərində erməni-daşnak və bolşevik dəstələrinin birlikdə azərbaycanlı əhalini kütləvi qırğınlara, soyqırımına məruz qoymalarından danışıblar. Bildirilib ki, Azərbaycan tarixinə “31 Mart soyqırımı” kimi yazılan həmin hadisələr zamanı on minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirilib. Ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirib, diri-diri yandırıblar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıblar. Bakının böyük bir hissəsini xarabalığa çeviriblər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə də xüsusi qəddarlıqla həyata keçirilib, dinc əhali kütləvi surətdə qətlə yetirilib, şəhər və kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb, məhv edilib.
Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 martın Azərbaycanlıların Soyqırımı Günü elan edilməsindən, Prezident İlham Əliyevin hücum diplomatiyası xəttini elan etməsindən sonra Azərbaycanlılara qarşı törədilmiş soyqırımları haqqında tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər görülməsindən bəhs edilib.