Almaniya Hərbi Dəniz Qüvvələrinə məxsus iki gəmi yaxın günlərdə Tayvan boğazından keçə bilər. Nikkei Asia mənbələrə istinadən xəbər verir ki, Berlin 2002-ci ildən bəri regionda belə bir addım atmayıb.
Onun məlumatına görə, Almaniyanın iki hərbi gəmisi – “Baden-Vürtemberq” freqatı və döyüş dəstək gəmisi “Frankfurt-am-Mayn” hazırda Cənubi Koreya limanındadır, lakin bir neçə gündən sonra onların Cakarta istiqamətində Tayvan boğazından keçəcəyi gözlənilir.
Qəzetin yazdığına görə, son illərdə Qərb ölkələri ÇXR-in guya “ekspansionist” hərəkətlərinə cavab olaraq Hind-Sakit okean regionunda fəallıqlarını artırıblar. Bu, 2002-ci ildən bəri Almaniya Hərbi Dəniz Qüvvələri üçün Tayvan boğazından ilk keçid olacaq. Almaniya Müdafiə Nazirliyi bu cür planları rəsmən təsdiqləməyib və “elan edəcək heç bir şeylərinin olmadığını” bildirib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq alman gəmilərinin Tayvan boğazından keçmə ehtimalını tənqid edib. Nikkei Asia yazır ki, müntəzəm brifinqlərindən birində o, Çinin “naviqasiya azadlığı bəhanəsi ilə istənilən təxribata qarşı çıxdığını” söylədi, çünki bu, Çinin suverenliyinə və təhlükəsizliyinə zərər verir. (Tass)