İsrail ordusunun xüsusi təyinatlıları İordan çayının qərb sahilindəki Əl-Fara fələstinli qaçqın düşərgəsində əməliyyat keçirib. WAFA- nın verdiyi məlumata görə , hərbçilər səhər tezdən düşərgəyə daxil olan keçidləri hər tərəfdən bağladıqdan sonra daxil olub və snayperlər evlərin damlarında mövqe tutublar.
Agentliyin məlumatına görə, yerli sakinlərdən ibarət ayrı-ayrı qruplar işğalçı qüvvələrə müqavimət göstərib, toqquşmalarda azı 6 nəfər ölüb, onlarla insan yaralanıb. Reyd zamanı HƏMAS və İslami Cihad radikal qruplaşmalarının neçə tərəfdarının saxlanıldığı hələlik məlum deyil.
Fələstin Qızıl Aypara Cəmiyyəti öz Telegram kanalında qeyd edib ki, İsrail qüvvələri yaralıları götürmək üçün gələn təcili yardım maşınlarının qarşısını kəsir. 7 min qaçqının məskunlaşdığı Əl Farah düşərgəsi Tubas şəhərindən 2 km cənubda və Nablusdan 17 km şimal-şərqdə yerləşir.
Bundan əvvəl Beytlehemin qərbində yerləşən Əl-Xadeyr düşərgəsində baş verən toqquşmalarda 18 fələstinli yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. Cümə gecəsi İsrail hərbçiləri Səncar, Tulkərm, Hebron və digər yaşayış məntəqələrində də reydlər keçirib. (Tass)