ABŞ dövlət katibi Antoni Blinken İsrailin baş naziri Benyamin Netanyahuya deyib ki, humanitar fasilələrin tətbiqi ölkə rəhbərliyinə Qəzza zolağında quru əməliyyatı keçirmək üçün daha çox vaxt verəcək və ABŞ prezidenti Co Baydenin administrasiyasına təzyiqləri azaldacaq. Bu barədə Axios portalı Amerika və İsrail mənbələrinə istinadən məlumat yayıb.
Portalın məlumatına görə, Blinken İsrailə səfəri zamanı Netanyahuya deyib ki, ABŞ prezidenti Co Bayden administrasiyası yəhudi dövlətinə verdiyi dəstəyə görə “həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə artan təzyiq altındadır”. Eyni zamanda, o qeyd edib ki, humanitar fasilələrin tətbiqi “ABŞ-a təzyiqi azaltmağa kömək edəcək”.
Cümə günü Təl-Əvivdə keçirdiyi mətbuat konfransında Blinken İsrail hakimiyyəti ilə Qəzza zolağında humanitar fasilələrin tətbiqini müzakirə etdiyini bildirib. O vurğulayıb ki, Vaşinqton administrasiyası onların tətbiqini “[humanitar] yardımın çatdırılmasını daha da asanlaşdırmaq və girovların azad edilməsi üçün daha əlverişli şərait yaratmaq üçün bir yol kimi” görür. (Tass)