Braziliya rəhbərliyi hesab edir ki, İsveçrənin Ukrayna üzrə sülh konfransı Rusiya nümayəndələrinin iştirakı olmadan əbəsdir. Bu barədə Braziliyanın “Folha de S.Paulo” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın ətrafındakı insanlar “İsveçrənin təklifinə şübhə ilə yanaşırlar”, çünki konfederasiyanın Rusiyadan nümayəndə heyətini tədbirə dəvət etməməsi səbəbindən görüşün nəticəsiz başa çatacağına inanırlar. Cənubi Amerika respublikası rəhbərliyinin narahatlığına səbəb olan digər məqam isə “konfransın Ukrayna prezidenti Vladimir Zelenskinin xahişi ilə İsveçrə tərəfindən təşkil edilməsi”dir.
Bununla yanaşı, Braziliya liderinin müşavirləri hesab edirlər ki, Zelenskinin təklif etdiyi 10 sülh bəndinə əsaslanan istənilən danışıqlar təkliflərinin “gələcəyi yoxdur”, çünki onlar Rusiya rəhbərliyi üçün qəbuledilməz şərtləri nəzərdə tutur. Qəzet dəqiqləşdirib ki, Braziliya prezidenti hələ iştirakla bağlı qərar verməyib. (Tass)