Fələstinin HƏMAS hərəkatı bir neçə günlük atəşkəsin yaradılmasında maraqlıdır və Qəzza zolağında saxlanılan 100 girov müqabilində İsrail həbsxanalarından öz tərəfdarlarının azad edilməsini tələb edir. Bu barədə Fələstinin Maan agentliyi məlumat yayıb.
Mənbə agentliyə bildirib ki, İsrail tərəfi radikallarla “beynəlxalq nəzarət altında bir neçə saat və bəlkə də günlərlə davam edəcək” atəşkəsə razılaşmağa hazırdır. Onun sözlərinə görə, HƏMAS “[İsrail tərəfi ilə] atəşkəs əldə etməkdə maraqlı olub və Qəzzada hərəkatın girov saxladığı ən azı 100 nəfərin müqabilində tərəfdarlarının həbsdən azad edilməsini tələb edib”.
Öz növbəsində, “Financial Times” qəzeti HƏMAS-ın Xarici Əlaqələr üzrə Milli Bürosunun rəhbəri Əli Barakaya istinadən yazıb ki, hərəkat İsraildən 5 günlük atəşkəs müqabilində girov götürülən əcnəbiləri azad etməyə hazır olacaq. Eyni zamanda, nəşrin məlumatına görə, yalnız İsrail vətəndaşlığı olan girovları azad etmək üçün Həmas əlavə şərtlərin yerinə yetirilməsini tələb edəcək.
Qəzetin həmsöhbətinin sözlərinə görə, girovluqda olan israilli hərbçilər əsirlərin “mübadiləsini həyata keçirmək üçün saxlanılır” və mülki şəxslərlə birlikdə azad edilməyəcəklər. Baraka həmçinin əlavə edib ki, HƏMAS yaraqlıları əvvəlcə “cəmi 10-20 nəfəri girov götürməyi planlaşdırırdılar”, lakin son rəqəm daha çox oldu. (Tass)