İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Dəməşqin qərbində, İran səfirliyinin yaxınlığında yerləşən iranlı hərbi məsləhətçilərin yataqxanalarından birinə raket zərbələri endirib. Bu barədə Suriya ordusunun tərəfində döyüşən iranyönlü şiə birləşmələrindəki mənbələrə istinadən Əl Hadath telekanalı məlumat yayıb.
Onların məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) məsləhətçiləri arasında 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Hücumda üç təyyarə iştirak edib, məsləhətçilərin yaşadığı dördmərtəbəli ev tamamilə dağılıb.
Dekabrın 25-də İsrail Hərbi Hava Qüvvələrinin Suriya paytaxtının cənubundakı Seyyidə Zeynəb bölgəsinə hücumu nəticəsində Suriyada SEPAH-ın bir qrup hərbi məsləhətçisinə rəhbərlik edən general Razi Musəvi öldürülüb. (Tass)