İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Qəzza zolağının mərkəzindəki Deyr əl-Bələh qaçqın düşərgəsindəki məktəbə zərbələr endirib, 24 nəfər həlak olub. Bu barədə Fələstin administrasiyasının nümayəndəsi Əl Hadath telekanalına bildirib.
“Seyidə Xədicə məktəbində həlak olanların hamısı şimal rayonlarından olan və orada sığınacaq tapmış məcburi köçkünlərdir”, – deyə rəsmi qeyd edib. Onun sözlərinə görə, binaya və ətraf əraziyə dörd raket atılıb. 10 nəfər yaralanıb.
Öz növbəsində Fələstin anklavındakı mülki müdafiə xidmətinin nümayəndəsi bildirib ki, hava hücumu Deyr əl-Bələh düşərgəsindəki xəstəxanaya da düşüb. Orada ölənlərin sayı dəqiqləşdirilir.
Tibbi mənbələrin məlumatına görə, günün birinci yarısında Qəzza zolağında 46 nəfər basqın və top atəşinin qurbanı olub.