Misir Qəzza zolağında əsir və məhbusların mübadiləsi üçün humanitar atəşkəsə nail olmağa yaxındır. Bu barədə “Əl-Qahira əl-İhbariyyə” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Onların məlumatına görə, Qahirə humanitar məqsədlər üçün Fələstin anklavında müvəqqəti atəşkəsin yaradılmasına dair razılığa gəlmək üçün “intensiv təmaslar aparır”.
Bir gün əvvəl “Axios” internet portalı ABŞ prezidenti Co Baydenin İsrailin baş naziri Benyamin Netanyahuya radikal HƏMAS hərəkatının əlində olan girovların bəzilərini azad etmək üçün Qəzza zolağında hərbi əməliyyatları üç gün müddətinə dayandırmağı təklif etdiyini yazıb . Yüksək rütbəli İsrail rəsmisi, öz növbəsində , Amerikanın Politico qəzetinə bildirib ki, HƏMAS xeyli sayda girovu azad etsə, İsrail hakimiyyəti hərbi əməliyyatlara fasilə elan etməyə hazırdır.
Noyabrın 6-da onlayn brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Qəzza zolağında humanitar məqsədlər üçün hərbi əməliyyatların mümkün dayandırılması mövzusuna toxunaraq, hələlik heç bir konkret məlumatın olmadığını etiraf edib.(Tass)