Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri “Trendyol”un dəstəyi ilə inklüziv dəyərləri təşviq edən, hər kəs üçün açıq və bərabər imkanlar təqdim edən sosial məkana – “Kashalata” kafesinə mediatur təşkil edilib.
AZƏRTAC xəbər verir ki, media nümayəndələri ilə kafe əməkdaşlarının görüşü təşkil olunub və onlar birlikdə kofe hazırlayıblar. Həmçinin kafenin əməkdaşlarından birinin doğum günü qeyd olunub.
Müasir dünyada bizneslərin uğurunun təkcə iqtisadi nəticələrlə ölçülmədiyini bildirən “Trendyol’’un Azərbaycanda korporativ kommunikasiyalar direktoru Süheylə Cəfərova fikirlərinə belə davam edib: “Trendyol” cəmiyyətdə davamlı və müsbət təsir yaratmağı hədəfləyir. İnsanların həyatına dəyər qatan təşəbbüslərlə töhfə verməyə çalışırıq. Bu istiqamətdə fəaliyyət göstərdiyimiz bütün coğrafiyalarda sosial təsir və dayanıqlılıq layihələri həyata keçiririk. Həm müştərilərimizin, həm də cəmiyyətin bütün üzvlərinin həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsləri prioritet hesab edirik. Korporativ sosial məsuliyyət və dayanıqlılıq strategiyamıza uyğun olaraq müxtəlif sahələri əhatə edən layihələri uğurla reallaşdırırıq. Azərbaycanda bu təşəbbüslərin böyük bir hissəsini strateji tərəfdaşımız “PAŞA Holdinq” ilə birgə həyata keçiririk. Bu əməkdaşlığın uğurlu nümunələrindən biri də “Kashalata” kafesinə göstərilən dəstəkdir. Artıq iki ildir ki, “PAŞA Holdinq” ilə birlikdə bu sosial təşəbbüsün davamlı fəaliyyətinə dəstək oluruq”.
“PAŞA Holdinq”in Korporativ sosial məsuliyyət departamentinin nümayəndəsi Bəyim İbrahimovanın sözlərinə görə, təmsil etdiyi şirkətin əsas məqsədi cəmiyyətə töhfə vermək və onun real nəticələrini görməkdir: “Çox istəyirik ki, həyata keçirdiyimiz layihələr artıq yardım şəklində olmasın, gələcəkdə öz-özünə davamiyyətini gətirə bilən layihələr olsun. “Kashalata” kafesində keçirilən layihələr bu baxımdan örnəkdir. Burada çalışan gənclərin iqtisadi fəallığı, müstəqilliyi var. İstərdik ki, bu cür layihələr çox olsun, inklüzivlik artsın və cəmiyyətə adaptasiyalar rahat keçsin. Kifayət qədər uğurlu və cəmiyyət tərəfindən marağa səbəb olan layihədir. Biz əl-ələ verib bu layihəni uğurla davam etdirməyə çalışırıq. Digər layihələrə də rol model olacaq bu tip layihələrin sayının çoxalması və cəmiyyətə daha faydalı, daha davamlı bir işlərin ortaya çıxmasını hədəfləyirik”.
“Birgə və Sağlam” İctimai Birliyinin təsisçisi və rəhbəri, “Kashalata” kafesinin həmtəsisçisi Aytən Eynalova kafenin yaranma tarixçəsindən və məqsədlərindən danışıb, inklüziv cəmiyyətlərin qurulması üçün bu cür layihələrin davamlı olmasının vacibliyini vurğulayıb.
Tədbirin sonunda musiqilər ifa olunub, şən və pozitiv ortam yaradılıb.
