İranın İsrailə son hücumu zamanı olduğu kimi, gələcəkdə də Qərb ölkələrinin Ukrayna hava məkanının qorunmasında iştirakının mümkünlüyü Polşada qəbul edilir. Bu barədə novinky.cz xəbər portalı Polşa Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
“Hazırda Qərb strukturları ilə bağlı heç bir müttəfiq qərar və ya ikitərəfli qərarlar yoxdur ki, bunun əsasında biz Ukraynaya İsrail kimi hava məkanı mühafizəsini təmin edək. Bunu istisna etmirik”, – Polşa Xarici İşlər Nazirliyi portalın müvafiq sualını cavablandırıb.
Polşa Xarici İşlər Nazirliyinin şərhinə görə, İranın İsrailə hücumuna qarşı mübarizənin effektivliyi açıq şəkildə nümayiş etdirdi ki, Qərbin dəstəyi və hava məkanının qorunmasında iştirakının prinsipial əhəmiyyəti var. “Bu baxımdan Ukraynanın mövqeyi İsraildən fərqlənmir. Hər iki element Qərbin dəstəyi və hava məkanının mühafizəsi Ukrayna əhalisinin və mülki infrastrukturun effektiv müdafiəsini təmin etmək üçün eyni dərəcədə zəruridir”, – Polşa Xarici İşlər Nazirliyi bildirir. (Tass)