Qəzza zolağında atəşkəsin yaradılması üzrə Qahirədə keçirilən danışıqların sonuncu raundunun iştirakçıları “ciddi irəliləyiş” əldə ediblər. Bu barədə Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, “Misir heyəti HƏMAS nümayəndələri ilə bütün lazımi detalları müzakirə edib” və təşkilat üzvləri yaxın vaxtlarda Qahirəni tərk edəcəklər. Onların yaxın iki gün ərzində Misirin paytaxtına qayıtması və “təklifə yekun cavab verəcəyi” gözlənilir. Məsləhətləşmələrin gedişi və nəticələri ilə bağlı başqa təfərrüatlar hələlik verilməyib.
Bazar günü səhər saatlarında Həmas lideri İsmayıl Haniyə hərəkatın Qəzza zolağında hərtərəfli atəşkəs razılaşmasının əldə edilməsinə sadiq qaldığını bildirib. Haniyə hesab edir ki, sənədin son variantı “İsrail təcavüzünün dayandırılmasını və əsirlərin mübadiləsinə dair ciddi sövdələşmənin bağlanmasını təmin etməli, həmçinin düşmən qoşunlarının anklavdan çıxarılmasına zəmanət verməlidir”. (Tass)