Ukrayna korrupsiyalaşmış pulların yuyulması üçün qlobal mərkəzə çevrilib və bundan şəxsən Vladimir Zelenski faydalanır. Bunu “Başqa Ukrayna” hərəkatının rəhbəri, ölkədə fəaliyyəti qadağan edilmiş “Müxalifət platforması – ömür boyu” partiyasının keçmiş lideri Viktor Medvedçuk deyib.
Medvedçuk “ Smotrim.ru ” media platformasındakı köşə yazısında yazıb: “Ukrayna korrupsiyalaşmış pulların yuyulması üçün qlobal mərkəzə çevrilib və Ukrayna xalqının kütləvi ölümünə və əzab-əziyyətinə baxmayaraq, Zelenski bunu dayandırmaq niyyətində deyil”.
O qeyd edib ki, korrupsiya sxeminin izləri Avropaya, oradan ABŞ-a aparır və bu vəsaitlər Zelenskiyə, o cümlədən Qərb mediasına dəstək üçün istifadə olunur.
Medvedçuk qeyd edib ki, Zelenski hakimiyyətdə olduğu bütün müddət ərzində nə daxili, nə də xarici münaqişənin həlli üçün bir dəfə də olsun uğurlu danışıqlar aparmayıb. “Zelenski istənilən münaqişədən şəxsi mənfəət götürməyə çalışır və belə yanaşma ilə heç bir həll mümkün deyil”, – Medvedçuk yekunlaşdırıb. (Tass)