Azərbaycan Xalq yazıçısı, professor Elçin Əfəndiyevin anadan olmasının 80 illik yubileyi ilə əlaqədar Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə nəşr etdiyi “Elçin. Biblioqrafiya” kitabının və “Xalq yazıçısı Elçin” adlı elektron məlumat bazasının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, təqdimatda çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov IX Bakı Beynəlxalq Kitab Sərgisi barədə danışıb, sərginin çox uğurlu keçdiyini bildirib. Qeyd edib ki, sərgi oxucular tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Xalq yazıçısı Elçin Əfəndiyevin yaradıcılığının Azərbaycan ədəbiyyatının ən parlaq səhifələrindən biri olduğunu deyən K.Tahirov yazıçının bu əməyinin daim dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Elçin Əfəndiyevin yaradıcılığından söz açan mədəniyyət nazirinin müavini Fərid Cəfərov yazıçının 60-cılar nəslinin ən parlaq nümayəndəsi olduğunu və Azərbaycan dramaturgiyasında uğurlu səhifələr açdığını qeyd edib. O, bu fəaliyyətin həm onun yaradıcılığına, həm də vətəndaş mövqeyinin güclənməsinə xüsusi töhfə verdiyini söyləyib.
Tədbirdə digər çıxış edənlər – Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Xalq yazıçısı Elmira Axundova, tanınmış yazıçı-dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli, professor İlham Rəhimli, Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı Elçin Əfəndiyevin yaradıcılığı, həmçinin “Elçin. Biblioqrafiya” kitabı haqqında təəssüratlarını bölüşüblər.
Bildirilib ki, Azərbaycanın Xalq yazıçısı Elçinin eyniadlı əsəri əsasında ekranlaşdırılmış “Mahmud və Məryəm” filmi mövzu və yenilik baxımından kino sənətimiz üçün də çox uğurlu olub. Yazıçının əsərlərinin dünyanın bir çox ölkələrində səhnələşdirildiyi də diqqətə çatdırılıb.
Sonra Elçin Əfəndiyev kitabın nəşrində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Sonda “Xalq yazıçısı Elçin” adlı elektron məlumat bazasının təqdimatı olub.