Milli Məclisin sədri Sahibə Qafarova Koreya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Assambleyasının sədri Jin-pyo Kim ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, Azərbaycanla Koreya Respublikası arasında müxtəlif formatlarda qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək üçün yaxşı imkanlar var, ölkələrimiz ənənəvi format və təşkilatlarla yanaşı, yeni əməkdaşlıq formatlarında da birgə fəaliyyət göstərə bilərlər.
Onun sözlərinə görə, bu formatlardan biri Azərbaycanı, Mərkəzi Asiya ölkələrini və Koreya Respublikasını əhatə edən, müxtəlif sahələrdə mühüm imkanlar və üstünlüklər verə bilən əməkdaşlıq mexanizmi ola bilər. Spiker Sahibə Qafarova mədəni oxşarlıqlara və dil yaxınlığına görə Koreya Respublikasının Türk Dövlətləri Təşkilatı ilə tərəfdaş ölkə kimi əməkdaşlığının mühüm nəticələrin əldə olunmasına gətirib çıxara biləcəyinə inamını ifadə edib.
Görüşdə nəqliyyat sahəsində əməkdaşlıq imkanları da nəzərdən keçirilərək, qeyd edilib ki, Transxəzər Şərq-Qərb Orta Dəhlizi Şərqlə Qərbi birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. Sahibə Qafarova deyib ki, Azərbaycanın müasir nəqliyyat infrastrukturu və tranzit ölkə kimi mühüm rolu artmaqdadır. Zəngəzur dəhlizinin açılması ilə bu axın daha da genişlənəcək.
Sahibə Qafarova qeyd edib ki, Azərbaycan regionda sülh və təhlükəsizliyin təmin olunmasını istəyir. Sülh müqaviləsinin imzalanması regionda daimi sülhü təmin edəcək. O, həmkarına Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində öz torpaqlarını Ermənistanın işğalından azad etməsi, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri, cari ilin 19-20 sentyabr tarixlərində Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri barədə geniş məlumat verib. Milli Məclisin sədri təəssüflə vurğulayıb ki, bəzi ölkələr Cənubi Qafqazda sülhün yaranmasını istəmirlər.
Milli Assambleyanın sədri Jin-pyo Kim isə Azərbaycanla Koreya arasında bənzərliklərin, ümumi cəhətlərin olduğunu qeyd edərək, hər iki ölkənin coğrafi mövqelərinin əhəmiyyətini vurğulayıb. O, deyib ki, həm Azərbaycan, həm də Koreya dənizləri, qitələri birləşdirən ölkələrdir. Bu da hər iki ölkə üçün eynilik təşkil etməklə, əlaqələrimizin daha da inkişafına, dövlətlərimizin bir-birinə daha da yaxınlaşmasına töhfə verir.
Jin-pyo Kim isə beynəlxalq hüquqa əsaslanmağın vacibliyini vurğulayaraq deyib ki, Azərbaycan regiona sülh gətirmək üçün böyük səylə işləyir. O, ümid etdiklərini bildirib ki, bu səylər nəticə verəcək və Azərbaycan sülhün əldə edilməsinə nail olacaq.