İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) Almaniyanın Fiziki-Texniki Federal İnstitutu (PTB) ilə birgə “14 Oktyabr – Ümumdünya Standartlaşdırma Günü”nə həsr olunmuş tədbir keçirib.
Almaniyanın ölkəmizdəki səfirliyi, dövlət qurumları və özəl sektorun nümayəndələri, biznes assosiasiyaları, uyğunluğu qiymətləndirən qurumlar və ali təhsil müəssisələrinin təmsilçilərinin iştirak etdiyi tədbirin məqsədi insan sağlamlığının qorunmasında təhlükəsizlik normalarının daha da təkmilləşdirilməsi, təbii ehtiyatlardan və enerji resurslarından səmərəli istifadənin təmin edilməsi və iqtisadiyyatın inkişafında standartlaşdırmanın rolunun vurğulanmasıdır.
AZƏRTAC xəbər verir ki, Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli çıxışında məhsul və xidmətlərin keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsini təmin edən standartların önəmindən, bu sahədə aparılan islahatlardan söz açıb. “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində görülən işlər, yeni standartların tətbiqi ilə optimallaşdırılan proseslər və ixrac potensialının artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Bildirib ki, strateji tərəfdaşlıq əlaqələri çərçivəsində Azərbaycan Standartlaşdırma İnstitutu ilə Türk Standartları İnstitutu (TSE) arasında qarşılıqlı əməkdaşlığa dair razılıq əldə edilib. Əməkdaşlığa əsasən türk milli standartlarının ölkəmizdə istifadə edilməsi məqsədilə Türkiyə 9 mindən çox milli standartını Azərbaycana təqdim edib. Bu, AZSTAND-ın ölkə ərazisində Türkiyə standartlarının rəsmi nəşrlərini yaymaq hüququna malik olmasına imkan yaradıb.
“Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) yeni yaradılan etalon laboratoriyaların sayının 20-yə çatdırılması nəzərdə tutulub. Ötən il sentyabrın 30-da AzMİ ilə TÜBİTAK ÜME (Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının Milli Metrologiya İnstitutu) arasında metrologiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb”, – deyə M.Abbasbəyli qeyd edib.
Almaniyanın ölkəmizdəki səfirliyinin nümayəndəsi Zübeyde Oyan institutlar arasında əməkdaşlıq layihələrinin və təcrübə mübadiləsinin gücləndirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, keyfiyyət infrastrukturunun inkişafında və tənzimlənməsində standartlaşdırma sahəsi mühüm əhəmiyyətə malikdir.
Ölkəmizdə standartlaşdırmanın inkişaf etdirilməsi, beynəlxalq standartlarla əlaqələndirilməsi, müasir tələblərə cavab verən yeni milli standartların yaradılması ilə bu sahənin əhatə dairəsinin genişləndirilməsi vacib olduğunu deyən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyətinin sədri (KOBİA) Orxan Məmmədov diqqətə çatdırıb ki, bu gün iqtisadiyyatın bütün sahələrində müşahidə olunan inkişaf meyilləri, o cümlədən biznes mühitində olan dəyişikliklər məhsul və xidmətlər sahəsində də standartlaşdırma səylərinin artırılmasını və müasir tələblərə cavab verməsini şərtləndirir: “Qloballaşma şəraitində müvafiq standartlara cavab verməyən məhsul və xidmətlərin mövcudluğu hamını narahat edən problem olaraq qalır. Sosial-iqtisadi inkişafda standartlaşdırmanın əhəmiyyəti davamlı olaraq artmaqdadır. Bu baxımdan əhalinin müasir tələb və standartlara cavab verən məhsul və xidmətlərlə təmin edilməsi ölkəmizin iqtisadi inkişaf strategiyasının əsas məqsədlərindən biridir. Ölkədə istehsal olunan qeyri-neft məhsullarının beynəlxalq ticarətdə sərbəst hərəkətinin təmin edilməsi və onların rəqabətqabiliyyətliliyinin artırılması üçün həyata keçirilən tədbirlər çərçivəsində standartlaşdırmanın hüquqi bazasının müasir tələblərə uyğun olması zəruri amillərdən biridir. Həmçinin milli standartların beynəlxalq standartlara uyğunlaşdırılması aktual məsələdir”.AZSTAND-ın baş direktoru İlham Bayramov çıxışında vurğulayıb ki, Azərbaycan Standartlaşdırma İnstitutu hazırda Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) 32 texniki komitəsində təmsil olunur. Bu il AZSTAND tərəfindən keçirilən idarəetmə sistemləri standartları üzrə 9 təlimə 267 iştirakçı qatılıb. İdarəetmə sistemləri beynəlxalq standartlar əsasında sertifikatlaşan müəssisələrin sayı 42-dir.
Tədbirdə, həmçinin “Qiymətli metallar və qiymətli daşlar”, “Tikinti materialları, məmulatları və konstruksiyaları” standartları üzrə texniki komitələrin fəaliyyətinin təşkili, milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması, istehsalın effektivliyinin artırılması və istehlakçı məmnuniyyətinin təmin olunmasında standartların rolu, milli və beynəlxalq standartlarda qabaqcıl metodların, rəqəmsal həllərin tətbiqi mövzuları üzrə panel müzakirələri təşkil edilib.
Qeyd edək ki, 14 Oktyabr – Ümumdünya Standartlar Gününün qeyd olunması 1970-ci ildə Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) prezidenti Faruk Sunterin təklifi ilə standartlaşdırmanın dünya iqtisadiyyatındakı rolunun vacibliyini vurğulamaq məqsədilə qərara alınıb. Hazırda ölkənin milli standartlaşdırma qurumu kimi fəaliyyət göstərən AZSTAND 2017-ci ilin dekabrından İSO-nun tam hüquqlu üzvüdür.