Mingəçevir Dövlət Universitetinin Elm və İnnovasiyalar Şöbəsinin təşkilatçılığı ilə elmi seminar keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, seminarda müxtəlif sahələrdən olan alimlər və tədqiqatçılar iştirak edərək, mövzu ilə bağlı nəzəri və praktik aspektlərdə müzakirə aparıblar
Seminarın açılışını Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Üzeyir Zeynəlov edib. O, təhsil və elm sahəsindəki yeniliklərdən, elmi tədqiqatların əhəmiyyətindən, həmçinin universitetin elmi fəaliyyətinin inkişafından bəhs edərək, iştirakçılara uğurlar arzulayıb.
Tədbirin əsas hissəsində Pedaqogika və psixologiya kafedrasının müəllimi, doktorant Aydın Kərimov “Sosial və psixoloji amillərin universitet tələbələrinin akademik nailiyyətlərinə təsiri”, Biznes və Menecment kafedrasının müəllimi Nurlan Əzizli “Web of Science bazasında dayanıqlı inkişafı mövzusunda indeksləndirilən məqalələrin bibliometrik analizi” (Azərbaycan timsalında), Xarici Dillər kafedrasının müəllimi, dissertant Nərgiz Kərimova “Müxtəlif istiqamətli media diskursda frazeologizmlər”, Fizika və Ekologiya kafedrasının müəllimi, dissertant Şəbnəm İslamova “İqlim dəyişmələrinin qida təhlükəsizliyinə təsiri”, Riyaziyyat kafedrasının müəllimi, doktorant Nailə Allahyarova “Təhsildə bərabərlik hüququnun həyata keçirilməsinə tənqidi nöqteyi-nəzərdən yanaşma”, İnformasiya Texnologiyaları kafedrasının müəllimi Nərmin Əhmədova “VEB2.0 alətləri ilə tədrisin modernləşdirilməsi”, İqtisadiyyat kafedrasının müəllimi, doktorant Aytən Nadirova “Azərbaycanda süni intellektlə bağlı portfel-fintex idarəçiliyinin tətbiqi və inkişafı”, Humanitar Fənlər kafedrasının müəllimi, dissertant Leyla Babayeva “Gürcüstanda yaşayan azərbaycanlılar və digər xalqların demoqrafik tədqiqi” mövzularında məruzələrlə çıxış ediblər.
Seminarın yekununda rektor Üzeyir Zeynəlov tədbirin yüksək səviyyədə keçirildiyini qeyd edib. O, universitetin elmi fəaliyyətlərinin gələcək inkişafına dair fikirlərini paylaşaraq, tələbə və akademik heyət üçün elmi fəaliyyətin daha da stimullaşdırılmasının vacibliyini vurğulayıb.