Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl həmrəylikdən təhlükəsiz gələcəyə doğru” adlı ekoloji forum keçirilib.Universitetdən AZƏRTAC-a bildirilib ki, forum çərçivəsində könüllülərin əl işlərindən ibarət sərgilər və könüllülük fəaliyyətlərini əks etdirən müxtəlif təşkilatların nümayişləri təşkil olunub. Bu sərgilərdə könüllülərin yaratdığı ekoloji və təbiət mövzusunda sənət əsərləri, təkrar emal materiallarından hazırlanmış əl işləri və ekoloji maarifləndirməyə töhfə verən innovativ layihələr təqdim edilib. Tədbirdə yerli təşkilatlar və könüllülük fəaliyyəti sahəsində çalışan qurumlar fəaliyyətlərini nümayiş etdiriblər. Bu da ziyarətçilərə ekoloji sahədəki könüllülük təşəbbüsləri haqqında ətraflı məlumat əldə etməyə imkan yaradıb.Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov forumda çıxış edərək, şəhərdə ekoloji tarazlığı təmin etmək və ətraf mühitin qorunmasına dəstək vermək üçün 15 minə yaxın ağacın əkildiyini bildirib. O, həmçinin şəhərdə ekoloji maarifləndirmənin gücləndirilməsi və yaşıl sahələrin artırılması istiqamətində həyata keçirilən tədbirləri vurğulayıb.“Yaşıl ASAN” ekoloji proqramının rəhbəri Rza Mirzəzadə proqram çərçivəsində kağız tullantılarının təkrar emalı üzrə həyata keçirilən layihələrdən danışaraq, 2 min ton kağız tullantısının yenidən emala yönəldildiyini qeyd edib. Bildirib ki, “Yaşıl ASAN” proqramı gələcəkdə də ekoloji layihələrə dəstək verərək, təkrar emal və tullantıların düzgün idarə edilməsi istiqamətində fəaliyyətlərini genişləndirəcək.Mingəçevir Dövlət Universitetinin rektor əvəzi Üzeyir Zeynalov, Mingəçevir Regional “ASAN xidmət” mərkəzinin direktoru Elxan Cəfərov da çıxış edərək, mövzu ilə əlaqədar fikirlərini səsləndiriblər.Forum sonra məruzələrlə və panel müzakirələri ilə davam edib.Sonda sual-cavab sessiyası olub, ekoloji problemlərin həlli yolları ətrafında geniş müzakirələr aparılıb.