Mingəçevirdə 4 küçənin adı dəyişdirilib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov əmr imzalayıb.
Siyahıda Səttar Bəhlulzadə, Qatır Məmməd, Hüseyn Abbasəliyev və Ədalət küçələrinin adları yer alıb.
Qatır Məmməd küçəsi bundan sonra Göyçə küçəsi adlanacaq.
Adları dəyişdiirlən küçələrdən biri də İkinci Qarabağ müharibəsi şəhidi Hüseyn Abbasəliyevin adını daşıyan küçədir. Bu dəyişiklik onun yaxınlarının müraciət və xahişi ilə olub. Hüseyn Abbasəliyevin adı vaxtilə yaşadığı və Ədalət adlanan küçəyə verilib.
Qeyd edək ki, o, ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Digər 2 küçəyə isə İkinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə şəhid olmuş Xəyal Canbaxışov və Gökhan Səfərovun adları verilib. Hər iki şəhid döyüşçü “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunublar.
Küçələrin köhnə və yeni adları:
Səttar Bəhlulzadə – Xəyal Canbaxışov
Qatır Məmməd – Göyçə
Hüseyn Abbasəliyev – Gökhan Səfərov
Ədalət – Hüseyn Abbasəliyev