2024-cü ilin əvvəlində nüvə enerjisindən dinc məqsədlər üçün istifadə və bununla bağlı yüksək texnologiyalar sahəsində strateji əməkdaşlığın dərinləşdirilməsinə dair Rusiya-Belarus hökumətlərarası memorandumun imzalanması planlaşdırılır. Bu barədə Belarusun Elm və Texnologiyalar üzrə Dövlət Komitəsinin (DTXK) sədr müavini Tatyana Stolyarova məlumat verib.
“Sənəd layihəsi artıq daxili təsdiqlərdən keçib və Belarus Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti tərəfindən təsdiqlənib. Bu memorandumun imzalanması 2024-cü ilin əvvəlinə planlaşdırılır”, – o, mətbuata açıqlamasında bildirib.
Memorandum nüvə texnologiyalarının enerjidən kənar tətbiqləri, nüvə təbabəti və tibbi avadanlıqların istehsalı, rəqəmsallaşma və telekommunikasiya texnologiyaları, sənaye müəssisələrinin modernləşdirilməsi, sənaye tullantılarının təkrar emalı, ionlaşdırıcı şüa detektorlarının istehsalı sahələrində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur.
Belarus Nazirlər Şurası dekabrın əvvəlində hökumətlərarası memorandum layihəsini təsdiqləyib, danışıqların aparılmasına və sənədin Elm və Texnologiya üzrə Dövlət Komitəsi tərəfindən imzalanmasına icazə verib. Ayın ortalarında sənəd layihəsi Rusiya hökuməti tərəfindən bəyənilib və “Rosatom”a memorandumu imzalamaq tapşırılıb. (Tass)