Misir prezidenti Əbdülfəttah əs-Sisi, fransalı həmkarı Emmanuel Makron və İordaniya kralı II Abdullah Qəzza zolağında idarəetmənin Fələstin Milli Administrasiyasının (PNA) himayəsi altında həyata keçirilməli olduğunu bildiriblər.
“Qəzza zolağında, eləcə də bütün Fələstin ərazilərində idarəetmə, nizam-intizam və təhlükəsizlik müstəsna olaraq Fələstin Milli Administrasiyasının himayəsi altında, regional və beynəlxalq dəstək ilə həyata keçirilməlidir”, – liderlərin Qahirə görüşündən sonra qəbul edilmiş birgə bəyannamədə deyilir. Sənəddə Misir, Fransa və İordaniyanın “bu istiqamətdə yardım göstərməyə” hazır olduqları vurğulanır.
Dövlət başçıları həmçinin yaxın vaxtlarda Qahirədə keçirilməsi planlaşdırılan Qəzzanın yenidən qurulmasına dair konfransı dəstəklədiklərini bildiriblər. (Tass)