Yaxın Şərqdə sülh əldə oluna bilər, lakin bu, fələstinlilərin qanuni hüquqlarını, xüsusən də öz dövlətlərini yaratmaq hüquqlarını təmin edən şərtlər əsasında olmalıdır, Misirin xarici işlər naziri Bədr Abdel Atti ABŞ dövlət katibi Marko Rubio ilə Vaşinqtonda görüşdə deyib.
“Misir öz səylərini Amerika administrasiyası ilə əlaqələndirməyə çalışır. Biz birlikdə bölgədə fələstinlilərin hüquqlarına, ilk növbədə onların torpaq hüququna və öz müstəqil dövlətini yaratmaq hüququna hörməti əhatə edən ədalətli sülhə nail ola biləcəyik”, – deyə Abdel Ati vurğulayıb. Misirin xarici işlər naziri həmçinin ABŞ dövlət katibi ilə söhbətində “Qəzza zolağının mümkün qədər tez bərpasını” zəruri hesab etdiyini göstərərək qeyd edib ki, onun fikrincə, bu müddət ərzində fələstinlilər “anklavda qalmalıdırlar”. Misirli nazirin sözlərinə görə, Qəzza sakinlərinin köçürülməsi ideyası təkcə fələstinlilərin özləri tərəfindən deyil, həm də “bütün ərəb və islam ölkələri və dünya ictimaiyyəti” tərəfindən rədd edilir.
“Fələstin-İsrail münaqişəsini beynəlxalq hüquqa uyğun olaraq nəhayət həll etmək üçün siyasi yol tapmaq vacibdir. Sonuncu isə öz növbəsində 1967-ci il sərhədləri daxilində və paytaxtı Şərqi Qüdsdə olan Fələstin dövlətinin yaradılmasını nəzərdə tutur – bu yolla biz regional vəziyyəti sabitləşdirə biləcəyik”, – Abdel Ati əminliyini ifadə edib. (Tass)