Moldova Xarici İşlər Nazirliyi Yaxın Şərqdə gərginliyin artması ilə əlaqədar təhlükəsizlik təhdidləri səbəbindən ölkə vətəndaşlarını İsrailə səfərdən imtina etməyə çağırıb.
“Xarici İşlər Nazirliyi Moldova Respublikası vətəndaşlarına eskalasiya və artan təhlükəsizlik riskləri səbəbindən İsrailə, eləcə də Yaxın Şərqə səyahət etməkdən çəkinməyi qətiyyətlə tövsiyə edir”, – XİN-in Teleqram kanalında yerləşdirilən bəyanatda deyilir. Vətəndaşlardan Moldova Xarici İşlər Nazirliyinin bildirişlərini diqqətlə izləməyə çağırılıb.
İyulun 27-də İsrail ordusu Livandan ölkənin şimalını növbəti dəfə kütləvi atəşə tutduğunu bildirib. Yəhudi dövlətinin səlahiyyətliləri hadisəyə görə Livanı və şiə Hizbullah hərəkatını günahlandıraraq, sərt cavab verəcəyini vəd edib. Sonuncu hadisədə hər hansı əli olduğunu inkar edir. (Tass)