Dekabrın 18-də Moskvada “Zaryadye” konsert zalında “Cənnətdən Şərqə III” muğam konserti keçiriləcək. Layihənin müəllifi – pianoçu və musiqişünas Riad Məmmədovdur.
AZƏRTAC xəbər verir ki, Riad Məmmədov Rusiya tamaşaçılarına muğam, caz və müasir musiqini birləşdirən proqramı təqdim edəcək. Bu işdə ona Azərbaycannın Xalq artisti Teyyub Aslanov (xanəndə, dəf), Əməkdar artistləri Əliağa Sədiyev (tar), Kamran Kərimov (nağara) və musiqiçi Sergey Korçaqindən (kontrabas) ibarət akademik və xalq musiqiçiləri komandası kömək edəcək.
Pianoçu Riad Məmmədovun yaradıcılıq fəaliyyətində müxtəlif janrlar və musiqi istiqamətləri birləşir. Tamaşaçılar pianoçunu solo konsertlərdən və dirijor Teodor Kurentzis və onun “musicAeternа” orkestri ilə birgə layihələrdən, eləcə də klassik, caz və müəllif repertuarı olan albomlardan tanıyır.