Bu gün dünyada 160-da çox münaqişə mövcuddur. Bu münaqişələrin həllində dini konfessiyalar, multikulturalizm və multikultural dəyərlərin inkişafı mühüm rol oynayır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Tbilisidə keçirilən “Dinlərarası dialoqda dövlətin rolu” adlı beynəlxalq konfransdakı çıxışı zamanı söyləyib.
O qeyd edib: “Dünyanın əksər ölkələrində din dövlətdən ayrıdır, lakin dövlət dindən ayrı deyil. Eyni zamanda, müharibələr dövlətlərə öz ambisiyalı niyyətlərini həyata keçirmək üçün lazımdır. Din xadimləri bu məsələdə dövlət başçılarına təsir göstərməlidirər. Azərbaycan bu yöndə multikultural dövlət xəttini əsas götürüb.
Komitə sədri bildirib ki, multikultural dövlət xəttinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, ölkəmiz multikulturalizmin mərkəzinə çevrilib.
Azərbaycanda 16 kilsənin olduğunu vurğulayan M.Qurbanlı deyib ki, onlardan biri də erməni kilsəsidir. Orada bütün əlyazmalar qorunub saxlanılıb. Erməni kilsəsinin rəhbəri Bakıda olduğu zaman özü şəxsən oranı ziyarət edib.