Münaqişənin başlanğıcından bəri Avropa İttifaqının Ukraynaya ümumi yardımı demək olar ki, 170 milyard avro təşkil edib, o cümlədən silahlar üçün 60 milyard avro; ilin sonuna kimi Aİ Kiyevə 2 milyon mərmi tədarük etmək niyyətindədir. Bunu Avropa Komissiyasının nümayəndəsi Anita Hipper Brüsseldə keçirdiyi brifinqdə Kiyev üçün mümkün “təhlükəsizlik təminatları” ilə bağlı sualı cavablandırarkən deyib.
“Biz Ukraynaya əhəmiyyətli dəstək veririk. Hazırda Ukraynaya yardımımızın həcmi artıq demək olar ki, 170 milyard avro təşkil edib. Xüsusilə, Avropa Sülh Fondu vasitəsilə silah tədarükü üçün də təxminən 60 milyard avro ayırmışıq. 2 milyon 155 mm-lik mərmilərə gəlincə, onlar 2025-ci ilin sonuna qədər çatdırılmalıdır”, – o bildirib.
Hipper həmçinin xatırladıb ki, hərbi əməliyyatlar başlayandan bəri 80 min ukraynalı hərbçi Aİ-də təlim keçib.
Təhlükəsizlik zəmanətlərinə gəlincə, o bildirib ki, bu məsələ hazırda “AB və ABŞ-ın milli təhlükəsizlik müşavirləri tərəfindən müzakirə olunur”.