Azərbaycan regionda Astronavtika Konqresi kimi mötəbər tədbirə ev sahibliyi edən ilk ölkədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 30-da Bakı Beynəlxalq Astronavtika Konqresinin keçiriləcəyi məkana – Bakı Konqres Mərkəzinə mediatur zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov deyib.
R.Bayramov qeyd edib ki, bu günədək Bakı Konqresində 5 mindən çox nümayəndə iştirak üçün qeydiyyatdan keçib. “Çox sevindirici haldır ki, tədbir iştirakçılarının yarıdan çoxu gənclərdir. Azərbaycan gəncləri bu sahədə də çox aktivdir. Belə ki, Azərbaycanın gənc alimləri 200-dən çox elmi məqalə təqdim edib. Ümumilikdə, Konqresə 195 ölkədən 3 500-dən çox elmi məqalə təqdim olunub”, – deyə nazir müşaviri əlavə edib.