“Təsəvvür edin ki, Bakı kimi şəhərin 40% tullantı suları mərkəzləşmiş təmizlənmədən keçmədən ətrafa axıdılır. Söhbət 1 milyon kubmetr sudan gedir”.
“APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib. Onun sözlərinə görə, başqa bir problem irimiqyaslı layihələrin icrası zamanı qeydə alınan uyğunsuzluqlardır.
“İrimiqyaslı layihələr qurulur, kollektorlar çəkilir, lakin uyğunsuzluqlar var. Məsələn, Pirşağıda 60 min insan üçün nəzərə tutulan təmizləyici qurğu qurulub. Amma tullantı sularını təmizləyici qurğulara yönəldən kanalizasiya sistemləri qurulmayıb. Lökbatan sutəmizləyici qurğusu yoxdur, amma bütün xətlər çəkilib. Demək istəyirəm ki, layihələrin bir-birinə uyğunlaşdırılması yaxşı olardı.
Bundan başqa, neftlə çirklənmiş ərazilər Abşeronun uzun onilliklərinin problemləridir. Biz hökumətə müraciət etmişik və neftlə çirklənmiş torpaqların təmizlənməsi üzrə 2024-2030-cu illər dövlət proqramı təklif olunub”, – deyə Rasim Səttarzadə vurğulayıb.
Nazir müşaviri onu da əlavə edib ki, sahibkarlıq subyektlərinin yoxlamalardan azad edilməsi digər problemlərdəndir: “Zavodlardan ətraf mühitə külli miqdarda tullantı atılır. Bizim səlahiyyətimiz yoxdur ki, zavoda daxil olub monitorinq edək. Çünki biz sübut etməliyik ki, bunun əhaliyə ciddi təsiri var. Buna görə də özəl sektorun, sahibkarların özlərinin korporativ məsuliyəti olmaldır. Neft şirkəti və ya hər hansı qurum ona demədən də, məsuliyyəti başa düşməlidir. Məncə cəzalandırmaq deyil, onları korporativ məsuliyyətə yanaşmasına çalışmalıyıq”.