Azərbaycanda cəmiyyətin rəqəmsal savadlılığın artırılması istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bir sıra layihələr həyata keçirir. Əlbəttə Bakıda bu sahədə imkanlar daha çoxdur. Son iki ildir ki, nazirlik bu işlə daha intensiv məşğul olur.
AZƏRTAC xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov “InMerge Innovation Summit”də çıxışı zamanı deyib.
Nazirlik rəsmisi bildirib ki, son iki il ərzində bütün ölkəboyu fiberoptik, yüksəksürətli internet xətləri çəkilir.
“Artıq Azərbaycanda ucqar yerlərdə yaşayan əhalinin 50-60 faizi yüksəksürətli internetlə təmin olunub. Növbəti ilin sonunadək ölkə 100 faiz yüksəksürətli internetlə təmin olunacaq”, – deyə Rəşad Bayramov əlavə edib.
Rəşad Bayramov vurğulayıb ki, Azərbaycanda rəqəmsallaşma ilə bağlı bir sıra proqramlar həyata keçirilir: “Nazirliyin bu istiqamətdə fəaliyyətini İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi həyata keçirir. Gələcəkdə Bakıda olduğu kimi, kənd yerlərində də rəqəmsal təhsil və təlimlər üçün mərkəzlər yaradılacaq, əhaliyə rəqəmsal bacarıqlarının artırılması istiqamətində bilik proqramları təmin olunacaq. Biz bu istiqamətdə bir sıra layihələr həyata keçirəcəyik”, – deyə nazir müşaviri əlavə edib.