Məsələ ilə bağlı həmən ərazidə yaşayan Lolita Axundova ilə əlaqə saxladıq. O məsələnin detallarını danışdı:
“Mən, Axundova Lolita paytaxtın “Kubinka” adlanan ərazisində, Anadolu liseyinin yaxınlığında xəstə anamla birgə yaşayıram. 3 gün əvvəl özəl qurum olan Violon MMC-dən nümayəndə gələrək bu ərazidə yüksək gəlirli tədris mərkəzinin tikiləcəyini və ərazidə olan evlərin söküləcəyini bildirdi. Qarşılığında evlərin hər bir kvadrat metrinə uyğun məbləğ veriləcəyi deyildi. Mənə məxsus ev anamın adınadır və 32 kv.m ərazi təşkil edir. Bu ölçüyə uyğun 75 min manat pul təklif edirlər. Onlara bildirmişəm ki, şəhərin mərkəzində yaşayıram və evimi satmaq fikrim yoxdur. Azyaşlı övladım yaxınlıqdakı məktəbdə oxuyur. Əgər siz mənə 75 min manat versəniz, məcbur qalıb mərkəzdən kənarda ev almalı olacağam. Bu səbəbdən gərək mən övladıma travma yaşadıb onu məktəbdən çıxarım. Əks halda uşağı saat 7.30-da dərsə çatdıra bilməyəcəm. Bundan əlavə, anam xəstədir və bir neçə dəfə cərrahiyyə əməliyyatı keçirib. Evdə problem olduqda qısa zamanda anamın köməyinə çata bilirəm. Əgər siz mənə yaşadığım əraziyə yaxın yerdən ev verirsinizsə, buradan çıxaram.
Violon MMC-dən gələn nümayəndə mənə bildirdi ki, heç bir ev söhbəti ola bilməz və verəcəkləri məbləğdən daha artığını bizə verilməyəcəklər. Onu da qeyd edim ki, qurumun rəhbərinin kim olduğu ilə bağlı məlumatım yoxdur. Sadəcə Ramil adlı nümayəndə ilə əlaqə yaradıram. O, söküntü işlərini video qeydə alır, eyni zamanda söküntü işlərinə rəhbərlik etdiyini bildirir. Onlar hədə-qorxu gəlib deyirlər ki , bizim başımıza 3 günə elə bir oyun açacaqlar ki, özümüz qaçıb gedəcəyik.
İyunun 7-si 8 dəfə Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə zəng etmişik, lakin gələn olmayıb. Vəziyyəti öyrənmək üçün bir nəfər polis əməkdaşı gəlib. O da tikintinin yaratdığı təhlükəli vəziyyətə görə yıxılıb, yaralandı. Hətta biz ona kömək etməli olduq. Təəssüflə bildirdi ki, problemin həlli onların səlahiyyətində deyil. Müvafiq qurumlara müraciət olunmalıdır.
Violon MMC bizim həyatımızı təhlükəyə atır. Hətta qonşumun 2 azyaşlı övladı evdə yatan zaman söküntü işləri prosesində divar uçub və pəncərə qırıqları uşaqların üzərinə tökülüb. Uşaqların anası bildirir ki, əgər vaxtında çatmasaydı, onlar ciddi xəsarət alacaqdılar.
Nümayəndə faktları çox soyuqqanlı qarşılayaraq bildirib ki, belə hadisələr olur.
Bu vəhşilikdir. 21 nəfər – qonşularım, mən və anam imza toplamışıq, məsələnin həllini tələb edirik. Əminəm ki, bu dövlət layihəsi deyil. Dövlət proqramı olanda Cənab Prezident vətəndaşları layihəyə uyğun hər şeylə təmin edir. Özüm dövlət qulluqçusuyam, dövlət xətti ilə aparılar inşaat işlərinin əleyhinə getmərəm. Aidiyyati qurumlardan məsələnin həllinə dair bizə kömək etməsini rica edirik”.
Şəms Ajax