Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir Ulu Öndər Heydər Əliyevə həsr olunan videoçarxın nümayişi ilə başlayıb.
Çıxış edən icra başçısı Vüqar Novruzov bildirib ki, Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə tarixi xilaskarlıq missiyasını yerinə yetirib və Azərbaycanı tənəzzüldən, durğunluqdan, xaosdan çıxararaq inkişafa, tərəqqiyə doğru aparıb. Bugünkü əzəmətli və qüdrətli Azərbaycan məhz Heydər Əliyevin şah əsəridir, Vətən müharibəsində qazanılan şanlı Qələbə isə dahi rəhbərin əsasını qoyduğu siyasətin təntənəsidir.
Azərbaycanın Milli Qəhrəmanı Niyazi Aslanovun həyat yoldaşı Rübabə İsmayılova Ulu Öndərin xalq qarşısındakı tarixi xidmətlərinin əvəzsiz olduğunu diqqətə çatdıraraq, 1990-cı illərdə Ümummilli Liderlə görüşlərindən xatirələrini danışıb.
Digər çıxış edənlər bildiriblər ki, ömrünün hər anı ilə ölkəmizin siyasi təqvimində özünəməxsus yeri olan dahi şəxsiyyətin respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı beynəlxalq aləmdə böyük nüfuza və söz sahibinə çevirib.
Tədbirin sonunda Ulu Öndərin 100 illiyi ilə bağlı dahi şəxsiyyətin şəkli həkk olunmuş xatirə hədiyyəsi YAP Naftalan şəhər təşkilatına hədiyyə edilib.