İyulun 9-11-də Vaşinqtonda keçiriləcək sammitdə Şimali Atlantika Alyansı Ukraynaya yardımın artırılması ilə bağlı razılığa gəlmək niyyətindədir. Bunu Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşdən əvvəl NATO-nun baş katibi Yens Stoltenberq deyib. Onun çıxışı Yelisey sarayı tərəfindən yayımlanıb.
“Vaşinqtonda keçiriləcək sammitdə bizim vəzifəmiz Ukraynaya yardımı gücləndirmək olacaq”, – deyə Stoltenberq qeyd edib: “Mən Kiyevə yardımla bağlı uzunmüddətli maliyyə öhdəliklərini də qəbul etməyi təklif etmişəm”.
Stoltenberq həmçinin bildirib ki, o, müttəfiqlərin Ukrayna hərbçilərinə təlim keçmək üçün koalisiyada iştirak etməyə razılıq verəcəklərini gözləyir. “Bizim dəstəyimiz NATO-nu münaqişə tərəfinə çevirmək məqsədi daşımır, onun vəzifəsi Ukraynanın özünümüdafiə hüququndan istifadə etməsini təmin etməkdir”, – alyansın baş katibi deyib.
Stoltenberqin sədrliyi ilə iyulun 9-11-də Amerika paytaxtında NATO sammiti keçiriləcək. (Tass)