NATO ölkələri hər bir üzvün ÜDM-də 2%-lik payını məqsədlərinə çatmaq üçün lazım olan xüsusi məbləğlərlə əvəz edərək, NATO-nun maliyyələşdirmə mexanizminə yenidən baxa bilər. Bunu “Newsweek” jurnalına müsahibəsində NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer deyib.
O, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın alyansın ÜDM-in 2%-lik hədəfinə çatmayan NATO ölkələrini tənqid etməsini “ədalətli” adlandırıb. Onun sözlərinə görə, bu, bir neçə NATO üzvünü hədəfə yaxınlaşmağa sövq edib. “Müəyyən mənada biz ona (Tramp – TASS) deyə bilərik: xoş gəlmisiniz, cənab prezident, bir çox ölkələr sizi dinlədi, mesajı aldı və indi öz müdafiəsinə sərmayə qoyur”, – Bauer bildirib.
NATO Hərbi Komitəsinin rəhbəri Trampın Ağ Evə qayıtmasından sonra ABŞ-ın alyansdan çıxmasının müzakirə olunmayacağına ümid etdiyini bildirib. “Bir vaxtlar bu, aktual məsələ idi, amma mən hesab edirəm ki, bu, artıq belə deyil” deyib.
“Bizim hələ çox işimiz var. Bir çox ölkələr üçün minimum 2%-dən artıq xərcləmə məsələsini müzakirə etmək çətin olacaq”, – Hərbi Komitənin rəhbəri əlavə edib. Onun sözlərinə görə, hələlik NATO ölkələrinin vəziyyəti kökündən dəyişmək üçün vasitələri və vaxtı yoxdur. Bununla belə, alyans üzvləri 2%-lik xərcləmə məqsədindən uzaqlaşa və konkret tapşırıqlar üçün vəsait ayırmağa başlaya bilərlər. (Tass)