NATO Almaniya-Hollandiya müttəfiq qüvvələrinin korpusunu Estoniyanın Pärnu şəhərində yerləşdirməyə qərar verə bilər. Bu barədə avqustun 2-də ölkənin Müdafiə Nazirliyinə istinadən ERR teleradio şirkəti məlumat yayıb.
“Bu, təkcə komandanlıq funksiyalarını yerinə yetirən müttəfiqlərimizə deyil, həm də Estoniya hərbçilərinə, o cümlədən çağırışçılara da təsir edəcək. Bu, Müdafiə Qüvvələri üçün strateji əhəmiyyətli addımdır”, – ölkənin Müdafiə Nazirliyi vurğulayıb.
ERR-in məlumatına görə, bu məsələ ilə bağlı yekun qərar 2025-ci ildə veriləcək.NATO korpusunun yerləşdirilməsi infrastrukturun yaradılmasını tələb edir, tikintisinə Estoniya Müdafiə Nazirliyi 17 milyon avro ayırmağı planlaşdırır.
İyulun 17-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan edib ki, Moskva Tallinin hərbi potensialının artırılmasına, o cümlədən ölkənin arsenalına HIMARS raket sistemlərinin daxil edilməsinə Baltik regionunun hərbiləşdirilməsinin tərkib hissəsi kimi baxır. (Tass)