İyun ayında Şimali Atlantika Alyansı ilk dəfə olaraq Finlandiya ərazisindən iri RQ-4D Phoenix kəşfiyyat pilotsuz təyyarələrini buraxacaq. Bu barədə mənbələrə istinadən Yle teleradio şirkəti məlumat yayıb.
Onların sözlərinə görə, sınaq buraxılışları bir neçə həftə ərzində ölkənin cənub-qərbindəki Pirkkala aviabazasında baş tutacaq. Hazırda lazımi infrastruktur qurulur. Yle qeyd edib ki, NATO Finlandiya ərazisindən İHA-ların buraxılmasında maraqlıdır, çünki bu, Norveç dənizi də daxil olmaqla şimal bölgələrində daha uzun uçuşlara imkan verəcək.
Amerikanın “Northrop Grumman” şirkətinin istehsal etdiyi “RQ-4D Phoenix” kəşfiyyat pilotsuz təyyarələrinin uçuş məsafəsi 16 min km-dir. NATO-nun saytına görə, onlar 18 km hündürlüyə qalxa və eniş etmədən 30 saatdan çox avtonom uçuşda qala bilərlər. Yle-nin verdiyi məlumata görə, RQ-4D Phoenix hazırda İtaliyanın Siciliya adasında yerləşdirilir, lakin 2023-cü ilin payızından başlayaraq onlar vaxtaşırı Finlandiya hava məkanına daxil olacaqlar. Teleradio şirkətinin mənbələri qeyd ediblər ki, alyans özünün kəşfiyyat PUA-ları üçün ikinci bazanın yaradılması imkanını nəzərdən keçirir, baxmayaraq ki, tikintiyə başlamaq və bazanın mümkün yeri barədə qərar hələ qəbul edilməyib.
Bundan əvvəl Finlandiya hakimiyyəti Şimali Atlantika Alyansına öz ərazisində belə baza yerləşdirməyi təklif etmişdi. Qeyd edildiyi kimi, Pirkkala bunun üçün ən münasib yer hesab olunur. Layihəyə Norveç və Polşa da maraq göstərir. (Tass)