Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda Erasmus+ layihəsi çərçivəsində növbəti təlim səfəri Portuqaliyanın Ali Texniki İnstitutunda öz işini yekunlaşdırıb.
Naxçıvan Dövlət Universitetindən AZƏRTAC-a bildirilib ki, işgüzar səfərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi, layihədə iştirak edən 11 Azərbaycan ali təhsil müəssisəsinin rektorları, prorektorları, inzibati və akademik heyət üzvləri, eləcə də layihənin İsveç, Polşa, İspaniya, Estoniyadan olan xarici tərəfdaş universitetlərinin nümayəndə heyəti iştirak edib.
Təlimlərin əsas məqsədi innovasiya və sahibkarlıq fəaliyyətləri və tədbirlərinin universitetdə tətbiqinə dair Portuqaliya ali təhsil müəssisələrinin qabaqcıl təcrübələrinin öyrənilməsi olub. Beşgünlük təlim proqramına uyğun olaraq iştirakçılar texnologiya mərkəzləri, sosial innovasiya laboratoriyası, texnologiya əsaslı sahibkarlıq proqramları kimi mövzularda təqdimatlarla tanış olaraq müzakirələr aparıb, o cümlədən Lissabonda yerləşən bir sıra texnologiya laboratoriyaları və innovasiya mərkəzlərində olublar.
Təlimlərin yekununda isə layihənin cari vəziyyətinin təhlilinin aparılması və gələcək 6 ay üçün fəaliyyət planının qurulması, eləcə də layihə konsorsiumunun üzvü olan ali təhsil müəssisələrinin məsul şəxslərinin iştirakı ilə 5 gün müddətində keçirilən təlim və təqdimatlara əsasən komanda işlərinin təşkili və portuqaliyalı tərəfdaşlarla qarşılıqlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, təlimlərdə Naxçıvan Dövlət Universitetinin əməkdaşları – rektor məsləhətçisi Rəcəb Cəfərli və Elm və innovasiyalar şöbəsinin müdiri Elnarə Allahverdiyeva da iştirak ediblər.