Bu gün Naxçıvan teleradiosu 92, “Nuhçıxan” İnformasiya Agentliyi isə 6 yaşını qeyd edir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvanda yerli radio 1930-cu ildən fəaliyyət göstərməyə başlayıb, 1932-ci ilin aprel ayının 1-də isə Naxçıvan Radio Verilişləri Komitəsi yaradılıb. 1963-cü ildə muxtar respublikada televiziya fəaliyyətə başlayıb.
Naxçıvan teleradiosu zəngin yaradıcılıq yolu keçib. Teleradionun fəaliyyət tarixinin ən mühüm dövrü şübhəsiz ki, 1990-1993-cü illərdə Ümummilli Lider Heydər Əliyevin Naxçıvanda fəaliyyət göstərdiyi illərə təsadüf edir. Naxçıvan teleradiosu həmin dövrlərdə informasiya blokadasına salınan Naxçıvanda Sovet İttifaqına ən böyük etirazın tribunasına çevrilib, Naxçıvan 1990-cı ildə birliyin tərkibindən çıxan ilk qurum kimi tarixə düşüb. Naxçıvan teleradiosu Ümummilli Liderin 1990-cı ilin yayında Naxçıvana gəlməsini, 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsini yayınlamış, Naxçıvanın və Azərbaycanın dövlətçilik taleyini həll edən qərarların qəbul olunmasında Ümummilli Liderin əsas söz tribunasına çevrilmişdir. Təsadüfi deyil ki, 1992-ci il oktyabrın 24-də Ulu Öndərə qarşı təşkil olunan dövlət çevrilişi zamanı Naxçıvan teleradiosu da hücuma məruz qalıb.
Bu gün Naxçıvan teleradiosu Azərbaycan Respublikasının və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatı barədə rəngarəng televiziya verilişləri, filmlər hazırlayaraq 17 saat öz tamaşaçılarına təqdim edir.
Teleradionun qarşısında duran əsas məsələlərdən biri yaxın müddətdə peyk yayımına qoşulmaqla öz veriliş və proqramlarını daha geniş auditoriyaya çatdırmaqdır.
“Nuhçıxan” İnformasiya Agentliyi isə 2018-ci il aprelin 1-də yaradılıb. Ötən 6 ildə agentlik tərəfindən geniş auditoriyaya 100 mindən çox xəbər çatdırılıb.