Muxtar respublikada hazırkı dövrədək 151 hektardan çox kartof sahəsində məhsul yığımı başa çatdırılıb və 2500 tondan artıq kartof anbarlara daşınıb.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ümumilikdə, cari təsərrüfat ilində 805 hektardan çox sahədə kartof əkini həyata keçirilib.
Tərəvəzçilikdə xüsusi paya malik olan Şərur rayonu əvvəlki illərdə olduğu kimi, bu il də əsas istehsal bölgələrindən biridir. Rayonda 589 hektar sahədə kartof becərilib və hazırda hər hektardan orta hesabla 50-55 ton məhsul götürülür ki, bu da yüksək məhsuldarlıq göstəricisidir.
Qeyd edək ki, ötən mövsüm Şərurda 700 hektara yaxın sahədə kartof əkilib və 20 min ton məhsul yığılıb. Cari mövsümdə məhsuldarlığın artması ilə ümumi məhsul həcminin yüksəlməsi gözlənilir.
Hazırda muxtar respublikanın digər bölgələrində də yığım prosesi davam edir.