Ötən il Naxçıvan Muxtar Respublikasında ÜDM əvvəlki illə müqayisədə 3,1 faiz artıb.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, muxtar respublikanın xərclərinin ödənilməsində yerli gəlirlərin xüsusi çəkisi 2022-ci ildə 30 faiz, 2023-cü ildə 38 faiz, 2024-cü ildə isə 57 faiz təşkil edib.
Ümumilikdə ötən il muxtar respublikanın yerli gəlirlərinin 87,5 faizi İqtisadiyyat Nazirliyinin xətti ilə daxilolmalardan formalaşıb.
Son illərdə aparılan vergi siyasəti başlıca iqtisadi tənzimləmə alətlərindən olmaqla iqtisadi artımın təşviqinə və biznes mühitinin inkişafına yönəlib. Naxçıvanda 2023-cü il və 2024-cü ildə vergi nəzarəti tədbirləri minimuma endirilib. Naxçıvan, Şərur, Babək və Ordubad şəhərlərində sahibkarlıq subyektləri tərəfindən vergi sahəsində könüllü əməletmə səviyyəsinin artırılması məqsədilə vergi ödəyicilərinə xidmət mərkəzləri istifadəyə verilib. Həyata keçirilmiş tədbirlər nəticəsində sahibkarlıq subyektləri tərəfindən vergi sahəsində könüllü əməletmə səviyyəsi 2024-cü ildə 99,1 faiz, könüllü bəyanetmə isə 99,5 faiz təşkil edib. Beləliklə, muxtar respublikada vergi sisteminin təkmilləşdirilməsi məqsədilə reallaşdırılan tədbirlər vergi daxilolmalarını nəzərəçarpacaq dərəcədə artırıb. 2024-cü ildə Naxçıvanda vergi daxilolmaları 2023-cü illə müqayisədə 37,6 faiz artaraq 226,6 milyon manat təşkil edib. Bu, proqnoz göstəricilərlə müqayisədə 30,2 faiz çoxdur.
2024-cü ildə Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 71,4 faiz artaraq 21 min 778, ƏDV ödəyicilərinin sayı 87,1 faiz artaraq 709 olub.
2024-cü ildə muxtar respublikada vergi ödəyiciləri elektron qeydiyyat sisteminə üstünlük verib və dövlət qeydiyyatına düşən 241 kommersiya hüquqi şəxsin 83 faizi elektron qaydada qeydiyyata alınıb. Ötən iki il ərzində Naxçıvanda 3200-ə yaxın onlayn nəzarət-kassa aparatı, 2200 dən çox POS-terminal quraşdırılıb. 2024-cü ildə nağdsız əməliyyatlar üzrə dövriyyə 66,2 faiz artaraq 1 milyard manatdan çox, o cümlədən POS-terminallar üzrə dövriyyə 38,8 faiz artaraq 112 milyon manat olub.