“2022-ci ilin sonunda icrasına başlanan, hələ ilkin hesablama səviyyəsində olsa da, yeni yaşıl enerji koridorunun formalaşması və Xəzər hövzəsindən Gürcüstan üzərindən olmaqla Avropaya yaşıl enerjinin çatdırılması layihəsi də var”.
APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, layihə ilkin mərhələdə olmasına baxmayaraq, bir sıra ölkələr buna böyük maraq göstərir: “Eyni zamanda, ölkələrimiz arasında olan layihələrdən biri də fiberoptik xətlərin formalaşdırılmasıdır. Bunun üçün Azərbaycan və Gürcüstan arasında xeyli layihələr həyata keçirilir. Bu və bir sıra digər qlobal layihələrin həyata keçirilməsinə dəstək münasibətilə üçtərəfli və dördtərəfli formatlar da uğurla həyata keçirilir. Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli görüşünün Bakıda keçirilməsini və Bakı deklarasiyasının qəbulunu vurğulamaq istərdim. Sabah 10-cu Hökumətlətarası Birgə Komissiyasının iclasında qeyd olunan layihələrdən əlavə bir sıra yeni layihələr barədə də ətraflı fikir mübadiləsi həyata keçiriləcək”.
“Biz bir sıra qlobal layihələrə imza atmışıq. Amma biz uğurlar üzərində arxayınlaşa bilmərik”, – Ceyhun Bayramov qeyd edib.
XİN başçısı bildirib ki, dövlətlərimiz hər zaman yeni layihələr axtarışındadır: “Hər zaman yeni imkanlar araşdıırlır və onlar üzərində iş aparılır. Bugünkü dünya çox intensivdir, dinamikdir. Layihənin icrasında rəqib olan oyunçulardan daha çevik olmalısan, daha keyfiyyətli onu icra etməlisən. Fiberoptik layihəmiz kimi. Bunun üzərində iş aparırıq. Yaxın gələcəkdə çox gözəl gləcəyi olan layihələr üzərində biz iş icra edəcəyik”.