AZƏRTAC azərbaycanlı könüllülərlə müsahibələr silsiləsini davam etdirir. Növbəti həmsöhbətimiz Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 2-ci kurs tələbəsi Nazpəri Abdulovadır. O, könüllülük fəaliyyətində və böyük beynəlxalq tədbirlərdə fəal iştirak edir. Nazpəri, həmçinin Medianın İnkişafı Agentliyinin “AzerGold” QSC ilə birgə təşkil etdiyi “Creative – Media Baku” müsabiqəsinin qalibidir. Bundan əlavə, onun könüllülük fəaliyyəti “Yalan məlumatların ifşası. Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən İkinci Şuşa Qlobal Media Forumunda da qiymətləndirilib.
– Nazpəri, könüllülük fəaliyyəti ilə nə vaxtdan məşğulsan?
– Artıq bir ildir. Universitetə daxil olandan könüllülük fəaliyyətinə başlamışam.
– Sizi könüllü olmağa ruhlandıran səbəb nə olub?
– Məni narahat edən sosial və ekoloji problemlərin həllinə həqiqətən təsir edə biləcəyimi dərk etmək, bu, məni ruhlandırdı. Hətta kiçik səylər də müsbət nəticələr verir. Könüllülük fəaliyyətində həmin nəticələri görə bilirsən. Karyerasına könüllülüklə başlayan uğurlu insanların hekayələri də mənə ilham verir. İnanıram ki, bu, faydalı bacarıqlar əldə etməyə və həyatda öz yolunuzu tapmağa kömək edən mühüm mərhələdir.
– Hazırda könüllü olaraq vəzifəniz nədən ibarətdir?
– Mən müxtəlif sosial, ekoloji, təhsil və mədəniyyət layihələrini dəstəkləyirəm, habelə maarifləndirmə üçün cəmiyyəti məlumatlandırır, tədbirlərin planlaşdırılması və təşkilinə köməklik göstərir, iri beynəlxalq tədbirlərdə xarici qonaqlarla işləyirəm və sairə.
– Könüllülük təcrübənizdə ən çox nəyi bəyənirsiniz?
– Ən çox beynəlxalq tədbirlər zamanı xarici qonaqlarla ünsiyyət qurmağı xoşlayıram. Bu, mədəniyyətlərarası ünsiyyəti inkişaf etdirir, dil ehtiyatını zənginləşdirir və dünyaya baxış üfüqlərini genişləndirir. Dövlət rəsmilərinin, parlament rəhbərlərinin, hökumət və nazirliklərin təmsilçilərinin, dini liderlərin, alimlərin, aparıcı beynəlxalq təşkilatların nümayəndələrinin – 100-dən çox ölkədən 700-dən çox iştirakçının iştirakı ilə keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu xüsusilə xatırlayıram. Bu forumda mən Slovakiya Mədəniyyət Nazirliyinin nümayəndə heyətini müşayiət edirdim. Forum mənə çox şey öyrədən çətin, lakin çox maraqlı təcrübə oldu.
– Şuşa Qlobal Media Forumunda bir könüllü kimi hansı vəzifələri icra etmisiniz?
– Qlobal Media Forumuna hazırlıq işləri tədbirin özündən xeyli əvvəl başlayıb. Biz müsahibələrdən, təlimlərdən keçdik. Xarici dil biliklərinə, təcrübəmizə və öz maraqlarımıza əsaslanaraq, hər birimizə konkret vəzifə tapşırılmışdı. Biz qonaqlara bələdçilik etdik, onlara tədbirin təşkilində və koordinasiyasında, panel müzakirələrinə hazırlaşmaqda köməklik göstərdik. İştirakçılar, həmçinin “Qarabağ əvvəl və sonra” sərgisinə dəvət olunub, onlara bölgənin tarixi haqqında məlumat verilib, tarixi dəyişikliklər nümayiş etdirilib. Bundan əlavə, biz Şuşanın tarixi yerlərində olduq, panel iclaslarında, həmçinin “Böyük Qayıdış: Qarabağ” filminin nümayişində iştirak etdik. Bu forum ilin ən böyük tədbirlərindən biri oldu və mən şadam ki, orada iştirak etmək, əvəzsiz təcrübə qazanmaq imkanım olub.
– Tədbir zamanı könüllülərin gününün necə keçdiyi barədə bizə daha ətraflı danışardınız…
– Hər şey konkret hadisədən asılıdır. Könüllülər hazırlaşmaq üçün adətən tədbirin keçirildiyi məkana erkən gəlirlər. Əvvəlcə qeydiyyatdan keçirik və içəriyə daxil olmaq üçün akkreditasiya nişanları alırıq. Sonra günün planını müzakirə edirik və vəzifələrimizi yerinə yetiririk. Məsələn, forumlarda bəzi könüllülər qonaqları qarşılamaq və onların qeydiyyatdan keçməsinə kömək etmək üçün otellərdə və hava limanında işləyirlər. Digər bir dəstə isə məlumat dəstəyi və akkreditasiyaların yoxlanılmasına cavabdehdir.
– Könüllülük layihəsi çərçivəsində hansı yardımları göstərirsiniz?
– Azərbaycan Medianın İnkişafı Agentliyinin xətti ilə könüllü olaraq autizm mərkəzinə baş çəkdik, burada həmin uşaqların xüsusiyyətləri, autizmin yaranma səbəbləri və simptomları ilə ətraflı tanış olduq, statistikanı öyrəndik və autizm spektri pozğunluğu olan uşaqlarla vaxt keçirdik. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən təməli 2014-cü il oktyabrın 9-da qoyulmuş IDEA Heyvanlara Qayğı Mərkəzində və kimsəsiz heyvanlar üçün sığınacaqda olduq. Bizə sığınacağın fəaliyyəti, məqsədləri və missiyaları barədə məlumat verildi, bütün heyvanlar göstərildi. Sonra BMT Baş katibinin müavini, BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnqer Andersen ilə görüşümüz oldu. İnteraktiv görüş zamanı biz IDEA İctimai Birliyinin müxtəlif ekoloji təşəbbüs və layihələrini müzakirə etdik və xanım Andersenə COP29 ilə bağlı suallar verdik. Həmçinin Bakıda və onun hüdudlarından kənarda dəfələrlə ağacəkmə aksiyaları, müxtəlif təmizlik tədbirləri təşkil olunub. Hazırda ölkədə növbədənkənar parlament seçkilərinə hazırlıq gedir və biz bu seçki prosesində fəal iştirak edirik.
– COP29-da hansı vəzifələri yerinə yetirəcəksiniz? Məsuliyyətləriniz nədən ibarətdir?
– COP29 üzrə ümumi təlim artıq başlayıb, lakin konkret tapşırıqlar hələ verilməyib. Ümumi təlimdə biz BMT-nin fəaliyyətini, davamlı inkişaf məqsədlərini və iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığı müzakirə etdik.
– Belə böyük beynəlxalq tədbirdə könüllü olmaq üçün motivasiyanız nədir?
– COP29-da könüllülük üçün ən böyük motivasiya qlobal dəyişikliklərə, forumun uğuruna töhfə vermək və peşəkar bacarıqları inkişaf etdirmək imkanıdır. Hesab edirəm ki, belə bir genişmiqyaslı tədbirdə iştirak tarixdə iz qoyur, çünki bu, qlobal iqlim siyasətində mühüm hadisədir. Bununla yanaşı, motivasiya şəxsi təcrübənin inkişafı, diplomatik proseslərin müşahidəsi və karyera yüksəlişi imkanlarıdır.
– Könüllülük həyata və cəmiyyətə münasibətinizi necə dəyişdirdi?
– Könüllülük komandada işləmək bacarıqlarını inkişaf etdirir, ünsiyyət qabiliyyətini təkmilləşdirir, layihələrin təşkilinə və planlaşdırılmasına kömək edir. Ümumiyyətlə, könüllülük sizə cəmiyyətin daha şüurlu və fəal üzvü olmağa kömək edir.
– Gələcəklə bağlı planlarınız barədə danışardınız.
– Başqa ölkələrin mədəniyyətini daha dərindən öyrənmək və təcrübə mübadiləsi aparmaq üçün beynəlxalq könüllülük layihələrində iştirak etməyi planlaşdırıram. Gələcəkdə öz könüllülük layihələrimi həyata keçirmək, habelə yeni könüllülərin yetişdirilməsinə və motivasiyasına kömək etmək istəyirəm.