Ötən il Neftçala rayonunda 8645,3 hektar sahədə pambıq əkini aparılıb. Bu sahələrdən 23 min 848 ton “ağ qızıl” toplanıb ki, bu da 27.59 sentner məhsul deməkdir.
AZƏRTAC xəbər verir ki, bu il fermerlərin gözləntiləri daha böyükdür. Artıq fermerlər sahələrdə pambıq yığımına başlayıblar.
Pambıqçı Mürsəl Qafarov deyir ki, ötən il MKT şirkəti ilə müqavilə bağlayıb, 15 hektar sahədə pambıq əkmişdisə, bu il əkin sahəsini 21 hektara çatdırıb. Şirkət tərəfindən gübrə-dərmanla, texnika ilə təmin edilib. İndi isə məhsul yığımına başlayıb, sahədə bol məhsul var.Neftçalalı fermerlər sahələrdə pambıq yığımını optimal vaxtda və itkisiz başa çatdırmaq əzmindədirlər. Bunun üçün rayonun pambıq sahələrində 32 ədəd pambıqyığan kombayn işləyir.Rayonda 1867 istehsalçı 5 pambıq şirkəti ilə müqavilə imzalayıb ki, bu da məhsulun satış və sonrakı istehsal proseslərinin rəvan getməsinə imkan verir.Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Vidadi Bağırovun sözlərinə görə, builki təsərrüfat ilində Neftçala rayonunda 7839 hektar sahədə əkin aparılması üçün 5 şirkətlə müqavilə imzalanıb və pambıq əkilib: “Builki hava şəraiti keçən ilkinə nisbətən daha əlverişli keçib. Bizdə çətinlik əsasən suvarmada yaranır. Ancaq, buna baxmayaraq, yüksək aqrotexniki qulluq qaydaları həyata keçirməklə pambıq əkilib, becərilib və hazırda yığım dövrüdür. Məhsuldarlıq yaxşıdır, ilkinə nisbətən daha çox olacağı gözlənilir. Yəni bu il orta hesabla 33-35 sentner məhsul yığılmasını proqnozlaşdırırıq. Çalışacağıq ki, pambıq son qozasına qədər yığılıb təhvil verilsin”.