Amerikanın İsrail Müdafiə Qüvvələrinin bölmələrindən birinə qarşı mümkün sanksiyaları absurdluğun zirvəsi olardı. Bunu Yəhudi Dövlətinin Baş naziri Benyamin Netanyahu belə tədbirlərin yolverilməzliyinə işarə edərək deyib.
“İsrail Müdafiə Qüvvələrinə sanksiya tətbiq edilməməlidir. Mən son həftələrdə ABŞ-ın yüksək rütbəli hökumət rəsmiləri ilə söhbətlər də daxil olmaqla, İsrail vətəndaşlarına qarşı sanksiyaların tətbiqinə qarşı çıxış etmişəm. Əsgərlərimiz terror canavarlarına qarşı döyüşən zaman, İsrail Müdafiə Qüvvələrinin bölmələrindən birinə qarşı sanksiya tətbiq etmək niyyəti absurdluq və mənəvi pozğunluğun zirvəsidir”, – o, X (keçmiş Twitter) səhifəsində yazıb. Netanyahu əlavə edib ki, rəhbərlik etdiyi hökumət “bütün gücü ilə bu addımlara qarşı çıxacaq”.
Bundan əvvəl Axios portalı məlumat vermişdi ki, ABŞ administrasiyası bir neçə gün ərzində İordan çayının qərb sahilində insan haqlarını pozduğuna görə İsrail ordusu bölmələrindən birinə qarşı sanksiyalar tətbiq edəcəyini açıqlayacaq. Onun mənbələrinə görə, bu, Vaşinqtonun yəhudi dövlətinin hərbi qoluna qarşı məhdudiyyətlər tətbiq edəcəyi ilk hadisə olacaq. Məhdudiyyətlər o deməkdir ki, bölməyə və onun üzvlərinə ABŞ-dan hər hansı hərbi yardım almaq və ABŞ-ın təlim proqramlarında iştirak etmək qadağan olunacaq.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden İordan çayının qərb sahilində zorakılıq aktlarında iştirak edən yəhudi köçkünlərə qarşı sanksiyaların tətbiqinə icazə verən fərman imzalayıb. (Tass)